Layihə çərçivəsində koxlear implantlı uşaqlar üçün tədbir təşkil olunub. Onlar Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə tanış olub, təsviri sənətin görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlandırılıblar.
Tədbir zamanı görkəmli rəssam Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş master-klass keçilib. Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilən məşğələdə uşaqlar Bəhlulzadənin “Torpağın arzusu” əsəri ilə tanış olub, rəsm bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Ekskursiyanın sonunda uşaqlara rəsm dəstləri hədiyyə olunub.
Layihənin əsas özəlliyi ondan ibarətdir ki, uşaqlara təqdim olunan rəsm dəstləri tullantıların çeşidlənməsi zamanı tapılan və dövriyyəyə qaytarılan dəmir pullar hesabına alınıb.
Qeyd edək ki, layihə “Təmiz Şəhər” ASC və Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankı və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə həyata keçirilib.
Layihənin məqsədi tullantıların yenidən dəyərə çevrilməsinin əhəmiyyətini göstərmək, xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialını və sosial inteqrasiyasını dəstəkləməkdir.
Layihə eyni zamanda sosial məsuliyyət, inklüzivlik və dövri iqtisadiyyat prinsiplərinin təşviqinə xidmət edir.







