Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Kapital Bankın dəstəyi ilə Quba rayonunda “Yaşa dolduqca, yaşa!” layihəsi çərçivəsində ictimai dinləmə keçirilib.
Quba rayonunda yaşayan pensiyaçıların və QHT nümayəndələrinin iştirakı ilə təşkil olunan ictimai dinləmədə DSMF əməkdaşları Fondun fəaliyyəti istiqamətləri, xidmət keyfiyyətinin artırılması, operativliyin və vətəndaş məmnuniyyətinin təmin olunması ilə bağlı görülən işlərdən bəhs edib, proaktiv pensiya təyinatı və vətəndaşların sosial təminat hüquqları barədə məlumat veriblər.
TƏBİB-in əməkdaşları (həkimlər) isə pensiyaçıların sağlam yaşlanmasının təmin olunmasının, yarana biləcək xəstəliklərin qarşısının vaxtında alınması üçün düzgün diaqnozun qoyulmasının, profilaktik tədbirlərin, xəstəliklərlə mübarizə metodları və sağlam həyat tərzinin əhəmiyyətindən bəhs ediblər.
Sonra Kapital Bankın nümayəndələri bank məhsulları və kiberdələduzluqla mübarizə sahəsində məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.







