Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Qırğızıstanda bu ölkənin Nazirlər Kabineti yanında Sosial Fondun sədri Bəxtiyar Əliyev ilə görüşüb.
Görüş zamanı H.Məmişov sosial sığorta və sosial təminat sahəsində son illər ölkəmizdə aparılan islahatlar barədə məlumat verib. Azərbaycanda tətbiq edilən innovativ yanaşmalar, əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi və əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəfləri diqqətə çatdırıb.
B.Əliyev pensiya təminatı və sosial sığorta sahəsində iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsindən məmnunluğunu ifadə edib.
Görüşdə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında 11 oktyabr 2022-ci il tarixində imzalanmış məcburi dövlət sosial sığorta sahəsində əməkdaşlıq haqqında Protokol”un icrası ilə bağlı 2023-2024-cü illər üzrə Tədbirlər Planı” imzalanıb.
H.Məmişov Qırğız Respublikasının Sosial Fondu tərəfindən “Əməkdaşlığın gücləndirilməsinə görə” medalı ilə təltif edilib.