Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev İndoneziya Respublikasının Səhiyyə üzrə Sosial Təminat Agentliyinin prezidenti professor Ali Ghufron Muktinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Z.Mirzəyev Fondun fəaliyyəti, sosial sığorta və sosial təminat sahəsində son illər ölkəmizdə aparılan islahatlar barədə məlumat verib. DSMF sədri eyni zamanda elektron infrastruktur üzərindən əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəfləri diqqətə çatdırıb.
Ali Ghufron Mukti isə ölkəsinin sosial təminatı sistemi, əhaliyə göstərilən sosial xidmətlər və həyata keçirilən tədbirlərdən danışıb.
Görüşdə sosial təminat sistemlərinin təkmilləşdirilməsi, inkişafı, ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Pensiya sistemlərinin müasir əmək tələblərinə uyğunlaşdırılması strategiyaları, bu sahədə innovativ yanaşmaların tətbiqi və vətəndaş rifahının artırılması sahəsində həyata keçirilən islahatlardan bəhs olunub.
Sosial təminatın cəmiyyətdəki rolu, həyata keçirilən islahatların ən uğurlu nümunələri, hər kəs üçün əlçatan sosial təminat sistemlərinin inkişafında tətbiq olunan innovativ həllər müzakirə edilib.







