DSMF sədri Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının ümumi iclasına sədrlik edib
13 FEVRAL 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) ümumi iclasına sədrlik edib.

Tədbirdə Assosiasiyanın 2025-ci il üzrə fəaliyyəti ilə bağlı təqdimatla çıxış edən Z.Mirzəyev quruma sədrlik etdiyi dövr ərzində qazanılmış uğurlar və qarşıya qoyulmuş hədəflər barədə məlumat verib. 

Assosiasiya Katibliyinin qarşısına qoyulmuş tapşırıqların icrası barədə BPSFA-nın direktoru İqor Popovun və Təftiş Komissiyasının hesabatları dinlənilib. Tədbir çərçivəsində Maliyyə Reqlamentinin, Təftiş Komissiyası haqqında Əsasnamənin, Tədbirlərin keçirilməsi haqqında Reqlamentin yeni versiyaları, habelə Assosiasiyanın 2026-cı il üçün Fəaliyyət Planı yekdil səslə təsdiq olunub. 

İclasda həmçinin BPSFA-nın yanında Beynəlxalq Analitik İnformasiya Mərkəzinin yaradılması barədə qərar qəbul olunub.

Tədbirdə Azərbaycanla yanaşı Qırğızıstan, Özbəkistan və Tacikistanın pensiya və sosial fondlarının rəhbər şəxsləri və səlahiyyətli nümayəndələri, habelə digər rəsmi şəxslər iştirak ediblər.