Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Polşa Respublikasının Varşava şəhərində keçirilən İş yerində bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə Avropa Forumunda iştirak edib.
Polşanın Kənd Təsərrüfatı Sosial Sığorta Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə sosial sığorta, əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, peşə xəstəlikləri və sosial müdafiə sahəsində rəqəmsallaşma məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində Avropa Forumunun Rəqəmsallaşma üzrə İşçi Qrupunun iclasında DSMF-nin əməkdaşı “Azərbaycanda sosial təminat sistemi və sosial xidmətlərin rəqəmsal transformasiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatlar, proaktiv xidmətlər, sosial xidmətlərə çıxış imkanları və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta sistemi barədə məlumat verilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndələri ilə yanaşı, Türkiyə, Polşa, Kanada, Fransa, Birləşmiş Krallıq, Almaniya, Danimarka, Çin, Avstraliya, Norveç, habelə digər ölkələrin sosial təminat qurumlarının nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində iştirakçı qurumların nümayəndələri ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.







