Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşfiq qəsəbəsi ərazisində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada Fondun rəhbər heyəti, əməkdaşları, həmçinin 50-dən çox müharibə iştirakçısı, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları iştirak edib. Tədbir çərçivəsində 100-dən çox mövsümə uyğun ağac əkilib.
Əkilən hər bir ağac Vətən müharibəsinin rəmzi ifadəsi kimi xüsusi məna daşıyır və şəhidlərimizin əbədiyaşar xatirəsinə göstərilən dərin ehtiramın simvoludur. Təşəbbüs gələcək nəsillərə sağlam, ekoloji cəhətdən təmiz və yaşıl mühitin ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirin məqsədi ekoloji mühitin qorunmasına töhfə vermək, həssas sosial kateqoriyaya aid şəxslərin fəallığının artırılması və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. İştirakçılar arasında həmrəylik, birlik və sosial məsuliyyət dəyərlərinin təşviqi də qarşıya qoyulmuş məqsədlərdəndir.







