DSMF-nin 3 əməkdaşı VI “Yüksəliş” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb
16 İYUL 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 əməkdaşı – Fondun Aparatının Strateji planlaşdırma və investisiyalar departamentinin böyük mütəxəssisi Məhəmməd Hacıyev, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin müdiri Elburus Edilov, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın Hüquq, kadrlarla iş və təhlil departamentinin şöbə müdiri Orxan Nəcəfov müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. 

Onlar VI “Yüksəliş" müsabiqəsi çərçivəsində ümumi biliklər, analitik təhlil və idarəetmə bacarıqları üzrə onlayn və əyani imtahan mərhələlərini uğurla başa vuraraq final mərhələsinə yüksəliblər. 

17–19 iyul tarixlərində keçiriləcək final mərhələsinin iştirakçılarına uğurlar arzulayırıq! 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri birillik fərdi inkişaf proqramında iştirak etmək, mentor dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində mükafat qazanmaq imkanı əldə edirlər. 

VI “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.