DSMF ilə Səudiyyə Ərəbistanı Krallığının Sosial Sığorta üzrə Baş Təşkilatı arasında gələcək əməkdaşlıq müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Səudiyyə Ərəbistanı Krallığının Sosial Sığorta üzrə Baş Təşkilatının (SSBT) rəhbəri Əbdüləziz Həsən Əl Buq ilə görüşüb.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən Regional Sosial Təminat Forumu çərçivəsində baş tutan görüşdə son illər ölkəmizdə həyata keçirilən sosial islahatlar diqqətə çatdırılıb.
Dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması və proaktiv təyinat mexanizmlərinin qurulması sahəsində əldə olunan nailiyyətlər, DOST Konsepsiyası barədə məlumat verilib. Həmçinin SSBT rəhbəri Təşkilatın fəaliyyət sahələrində görülən işləri qeyd edib.
Görüşdə DSMF və SSBT arasında gələcək əməkdaşlıq, o cümlədən məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, ekspertlər səviyyəsində sahəvi görüşlərin təşkili məsələləri müzakirə edilib.