DSMF ilə Qazaxıstanın Vahid Yığım Pensiya Fondu arasında Anlaşma Memorandumu imzalanıb
27 NOYABR 2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev ölkəmizdə səfərdə olan Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun (VYPF) İdarə Heyətinin sədri Janat Kurmanovun rəhbərlik etdiyi nümayəndə heyəti və Dövlət Sosial Sığorta Fondunun (DSSF) İdarə Heyəti sədrinin müavini Marat Janıbekovla görüşüb.

Görüşdə DSMF-nin sədri Zəka Mirzəyev DSMF-nin fəaliyyət istiqamətləri, əhaliyə göstərilən xidmətlər, ölkədə son illər ərzində həyata keçirilən sosial islahat paketləri, pensiya sistemində tətbiq olunan yeniliklər və sosial xidmətlərin elektronlaşdırılması barədə məlumat verib.

VYPF-nin İdarə Heyətinin sədri Janat Kurmanov və DSSF-nin İdarə Heyəti sədrinin müavini Marat Janıbekov isə Qazaxıstanın pensiya və sosial sığorta sisteminin strukturu, müasir texnoloji həllərin tətbiqi, mövcud elektron xidmətlər və sosial təminat sahəsində reallaşdırılan islahatlardan danışıblar.

Görüşdə sosial sığorta və pensiya təminatı sahəsində fikir mübadiləsi aparılıb. Sosial xidmətlərin rəqəmsal transformasiyası, biznes proseslərinin rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi mövzularında təqdimatlar olub.

Sonra DSMF və VYPF arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.