Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev şəhid ailəsi ilə görüşüb
05 NOYABR 2025

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin (DSMF) sədri Zəka Mirzəyev Vətən müharibəsi şəhidi Nəcəfov Yusif Nadir oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.

Görüşdə Yusif Nəcəfovun uşaqlıq illərindən, döyüş yolundan, şücaətindən bəhs olunub.

O, 2001-ci ildə anadan olub, Bakı şəhəri Yasamal rayonu 52 nömrəli tam orta məktəbi bitirib. 5 ildən çox cüdo idman növü ilə məşğul olub. Çoxsaylı idman yarışlarında qalib gəlib.

Yusif Nəcəfov 2020-ci il oktyabrın 13-də Murovdağ uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin daim diqqətdə saxlanılmasından və həyata keçirilən sosial dəstək tədbirlərindən danışılıb.