44 günlük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin 20-dən çox övladına “Camphood” yay düşərgəsində təlim və əyləncə proqramlarında fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.
Bu tədbir Dövlət Sosial Müdafiə Fondu ilə "McDonald's Azərbaycan" arasında imzalanmış anlaşma memorandumu çərçivəsində təşkil olunub.
Yay düşərgəsində uşaqlar həm dincəlib, həm də müxtəlif əyləncəli və maarifləndirici tədbirlərdə iştirak ediblər. Eyni zamanda proqrama uşaqların bilik və bacarıqlarını inkişaf etdirməyə imkan verən müxtəlif idman oyunları, ustad dərsləri və maarifləndirici sessiyalar daxil edilib.
Sertifikatların təqdimatı zamanı Fondun sədr müavini Zəka Mirzəyev Azərbaycanın tarixi zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən, qəhrəman oğullarımızın fədakarlığı, vətənpərvərliyi və misilsiz rəşadətindən danışıb.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən sosial dəstək tədbirlərindən bəhs edib, onların sosial vəziyyətinin daim diqqətdə saxlanıldığını, bu şəxslərin dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunduğunu bildirib.