DSMF-nin sədr müavini şəhid ailəsini ziyarət edib
29 OKTYABR 2025

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Mətin Əsgər Vətən müharibəsi şəhidi Qurbanov Murad Asif oğlunun ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə maraqlanıb.

Görüşdə Murad Qurbanovun döyüş yolundan, şücaətindən danışılıb.

O, 2015-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb və xidmətini Tərtər rayonu Qaradağlı kəndində keçib, eyni zamanda aprel döyüşlərində iştirak edib. Ağdamın Quzanlı, Tapqaraqoyunlu kəndlərində, eləcə də Tərtər rayonu Qapanlı kəndində gedən döyüşlərdə fəal iştirak edib.

Vətən müharibəsi başladıqda Murad Qurbanov könüllü olaraq cəbhəyə gedib. Xocavənd və Füzuli rayonları istiqamətində döyüşüb. Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra o, “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Görüşdə şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial vəziyyətinin daim diqqətdə saxlanıldığı və sosial dəstək tədbirlərindən danışılıb.