DSMF əməkdaşları Keniyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər
03 FEVRAL 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları Keniyada təşkil olunmuş “Sosial müdafiə sahəsi üçün dövlət sektorunda rəqəmsal transformasiya” mövzusunda keçirilən beynəlxalq təlimdə iştirak ediblər.

Təlim Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası və digər beynəlxalq qurumların birgə təşkilatçılığı ilə keçirilib.

Təlimdə müasir texnologiyaların dövlət xidmətlərinin göstərilməsi və idarəetmə mexanizmlərinin transformasiyasındakı inqilabi təsirləri, rəqəmsal transformasiyanın sosial təminat sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təsiri, əməliyyat proseslərinin daha çevik və şəffaf şəkildə həyata keçirilməsi imkanları, sosial xidmətlərə çıxışın asanlaşdırılması barədə məlumat verilib.

Eyni zamanda DSMF nümayəndələri tərəfindən sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar, bu sahədə Azərbaycanda tətbiq edilən innovativ həllər, əhaliyə göstərilən proaktiv xidmətlər, müasir texnologiyaların sosial təminat sahəsində geniş istifadə edilməsi diqqətə çatdırılıb.

Sonda iştirakçı ölkələr (Azərbaycan, Ukrayna, Özbəkistan, Pakistan, Koreya, Kenya, Nigeriya, Tunis, Dominikan Respublikası və s.) arasında sosial təminat və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.