ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

I yarımilliyin yekunlarına dair mətbuat konfransı keçirilib
27 iyul 2023
Dövlət Sosial Müdafiə Fondunda I yarımilin yekunları, yeniliklər və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda I yarımilin yekunları, yeniliklər və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib.

Fondun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ilin I yarımilində həyata keçirilən sosial islahatlar barədə məlumat verib.

Qeyd edilib ki, ilin əvvəlində reallaşdırılan 4-cü sosial islahat paketi 1,9 milyon şəxsi əhatə etməklə illik əlavə maliyyə tutumu 750 mln. manat təşkil edir.  

Bildirilib ki, bu ilin I yarımilində sosial ödənişlərdə artım qeydə alınıb. Artımlar ümumilikdə 810 min nəfəri əhatə edib, əlavə vəsaitin illik həcmi isə 310 mln. manat təşkil edib. Fevral ayından minimum pensiya 16,7% artırılaraq 280 manata, ilin əvvəlindən isə orta aylıq pensiya 16,4 faiz artırılaraq 433,3 manata, o cümlədən yaşa görə pensiya 16,4 faiz artırılaraq 466,1 manata çatdırılıb. Bundan başqa, 24 növ sosial ödənişlərin məbləğlərində orta hesabla 22% artım olub.

H.Məmişov DSMF-nin gəlirlərində artım tempinin 2023-cü ilin I yarımilində də davam etdiyi diqqətə çatdırıb. Bildirilib ki, DSMF-nin 2023-cü ilin I yarımilində gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 465 mln. manat və ya 16,6 faiz çox olmaqla 3271 mln. manat təşkil edib. Həmin gəlirlərin 2531 mln. manatı məcburi dövlət sosial sığorta daxilolmaları olub ki, bu da 2022-ci ilin I yarımili ilə müqayisədə 13,8 faiz və ya 306 mln. manat çoxdur.

Fondun ilin 6 ayındakı xərcləri isə ötən ilə nisbətən 16,2 faiz və ya 418 mln. manat artaraq 3009 mln. manat olub. Xərclərin 2919 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 413 mln. manat çoxdur.   

Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunduğu, minimum pensiyanın 2,5 dəfə artaraq 110 manatdan - 280 manata, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, ünvanlı dövlət sosial yardımın orta aylıq məbləğinin isə 2,5 dəfə artırıldığı vurğulanıb. Bildirilib ki, 10-dan çox yeni sosial ödəniş növü-sosial müavinət və Prezident təqaüdü təsis olunaraq sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib.

Sonra investisiya fəaliyyətinin təşkili, investisiya qaydası, investisiya siyasəti və görülən işlər barədə məlumat verilib. Beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlara imza atıldığı qeyd edilib, Fondun təkcə bu il 6 nüfuzlu beynəlxalq mükafata layiq görüldüyünü bildirib.

Həmin dövrdə Fond tərəfindən ümumilikdə 331 010 vətəndaşın qəbul edildiyini vurğulanıb.

DSMF-nin fəaliyyət sahələrində aparılan islahatlar, onların nəticələri barədə məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.