Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən, ümumilikdə 10 ölkədən 400-dən çox şahmatçının mübarizə apardığı "Şəki Open 2026" Beynəlxalq Şahmat Festivalında Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının övladlarının iştirakı da təmin olunub.
12 yaşadək şahmatçıların yarışında 300 iştirakçı arasında gedən mübarizədə benefisiarlarımızdan Dünyamalı Polad və Salmanova Ləman hər biri 5 qələbə qazanaraq turniri müvafiq olaraq 5 və 4,5 xalla başa vurublar. Dünyamalı Aylin 4 xal, Dünyamalı Bəxtiyar isə 3 xal toplayıb.
B qrupunda mübarizə aparan Şadmanzadə Araz 100 şahmatçının iştirak etdiyi yarışda 9 turdan sonra 4,5 xal əldə edib.
Qeyd edək ki, festival çərçivəsində rapid turnirinə ilk dəfə qatılan uşaqlar da 4 və 3 xal toplayıblar.
Beləliklə, onlar yeni təcrübə qazanıb, beynəlxalq şahmat mühitini yaxından tanımaq imkanı əldə ediblər.
Uşaqların intellektual inkişafına dəstək vermək və onların beynəlxalq idman arenasına inteqrasiyasını təşviq etmək məqsədi daşıyan bu təşəbbüs Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı, həmçinin "McDonald's Azərbaycan" şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib.







